Mətnin səsləndirilməsi sistemi insan-qurğu qarşılıqlı əlaqəsinin daha təbii yolla qurulmasını təmin edən əvəzsiz bir alətdir. Mətnin səsləndirilməsi sistemi tətbiqi iş yükünün azaldılmasında çox mühüm rol oynayır. Aşağıda istifadə oluna biləcək sahələrdən bəzilərinə nümunə göstərilmişdir.
1. Çağrı mərkəzlərində insanların yerinə mətnin səsləndirilməsi sisteminin istifadəsi həm xərcləri azalda, həm də işin 7/24 işləməsini təmin edə bilər.
2. Texnologiyanın inkişafı kütləvi xidmət mərkəzlərində robotların istifadəsini zərurətə çevirir. Təbii ki, mətnin səsləndirilməsi olmadan robot sadəcə bir dəmir prçasıdır.
3. Xəbərlərin, kitabların və s. mənbələrin mətnin səsləndirilməsi sistemi vasitəsilə oxunması vaxtın azlığından şikayət olunduğu zamanımızda çox gözəl bir alternativdir. Eyni zamanda görmə qüsurulu insanlar da TTS vasitəsilə bu mənbələrdən istifadə edə bilərlər.
Bu siyahını kifayət qədər uzatmaq olar. Lakin ənənəvi TTS sistemlərinin ən böyük çatışmamazlığı sintez olunan səsdə robot effektinin olmasıdır, yəni səs insan deyil, daha çox robot səsinə bənzəyir. Bu isə səsə uzun müddət qulaq asmağa mane olur, dinləyici qısa müddətdən sonra yorulur. Məhz bu səbəbdən yuxarıda sadaladığımız sahələrdə mətnin səsləndirilməsi sistemləri bu günə qədər tətbiq olunsa da, kifayət qədər kütləvi deyildi.
Texnologiyanın inkişafı, xüsusilə süni neyron şəbəkələrin bu sahəyə tətbiqi işləri kökündən dəyişdi. Artıq yeni nəsil TTS-lər o qədər uğurlu işləyir ki, hətta çox hallarda insandan seçilmir. AzReco mətnin səsləndirilməsi sistemi də Azərbaycanda ilk dəfə süni neyron şəbəkələr tətbiq edilməklə qurulan sistemdir. Sistem həm kişi, həm də qadın səsləri olmaqla mətnləri kifayət qədər real insan səsinə çevirir. Bu uğurlu nəticə artıq yuxarıda sadalanan işlərin daha kütləvi hal almasına təkan verir.